"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da dəyişikliklər edilir.
XəzərXəbər-in məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçiriən iclasında dəyişikliklər müzakirə olunub.
Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət
Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi
qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən
həyata keçiriləcək.
Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyətinin subyektləri kimi dövlət sirri təşkil edən və
haqqında məlumat yayılması yolverilməz olan fəaliyyəti həyata
keçirirlər.
Müəyyən şəxslərin hərbi xidmətdə saxlanılması və həmin orqanlara
mənsubiyyətinin açıqlanmaması prinsipi onlar ehtiyata buraxılan zaman
pozula bilər. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna
əsasən, çağırışçıların və bütün hərbi vəzifəlilərin hərbi qeydiyyatı
onların yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti tərəfindən açıq siyahılarla aparılır.
Öz növbəsində "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna
əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını
təşkil edən şəxslər həmin orqanlarda hərbi qeydiyyata alınırlar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təlim toplanışı keçirirlər.
Qeyd olunanları, həmçinin qanunlar arasında yaranmış ziddiyyəti aradan
qaldırmaq məqsədilə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna
dəyişikliklər edilməsi təklif olunur.
Qanun layihəsinə dəyişiklik Milli Məclisin payız sessiyasının ilk plenar iclasına tövsiyyə edilib.