Xəbər verdiyimiz kimi, bu gün
Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbulda müalicə aldığı
"Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib.
Ürəyində problem yaranan nazir ötən həftə
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra müalicəsini
davam etdirmək üçün Türkiyəyə aparılmışdı.
XəzərXəbər mərhum nazirin tərcümeyi-halını təqdim edir:
Natiq Ağa Əmi oğlu Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhrində anadan
olub. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına
Azərbaycan Neft və Kimya İnstitutunu dağ mədən geoloqu ixtisası üzrə
bitirib. İnstitutu bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye”
Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat” trestində,
Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib.
N.Əliyev 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya
İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən
geologiya-mineralogiya elmləri namizədi olub. O, böyük elmi işçi
vəzifəsində işləyib.
1979-cu ildə "Xəzərneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin
Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi
vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist
Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində
təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri
vəzifələrində işləyib.
1993-cü ildən 2005-ci ilə qədər N.A.Əliyev Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar şurasının sədri olub.
1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin
Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin
(BTC Ko) Direktorlar Şurasının sədri olub. 2005-ci ildə Azərbaycan
neftçilər konqresinin prezidenti seçilib.
2005-2013-cü illərdə sənaye və energetika naziri vəzifəsində işləyib.
22 oktyabr 2013-cü il tarixində energetika naziri vəzifəsinə təyin
edilib.
N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub. O,
Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir, 2008-ci ildən iqtisad
elmlər doktorudur.
N.A.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya
Federasiyası, Moskva) müxbir üzvü seçilib. Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə
N.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi
Şurasının üzvü seçilib. O, 2009-cu ildən isə "Azərbaycan Mühəndislik
Akademiyasının Xəbərləri” Beynəlxalq elmi-texniki jurnalının redaksiya
heyətinin müxbir üzvü olub.
Həmçinin 2012-ci ildə nəşr edilmiş "Böyük İqtisadi Ensiklopediya”nın redaksiya heyətinin üzvü seçilib.
Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan
Respublikasının "Şöhrət” ordeni, Azərbaycan Respublikasının "Əməkdar
mühəndis” fəxri adı, Müstəqil Dövlətlər Birliyinin "Əməkdar energetiki”
fəxri adı, Gürcüstanın "Şərəf ” ordeni, Fransanın "Milli Fəxri Legion”
ordeni, Polşanın "Böyük Komandor Xaçı” ordeni, Qazaxıstanın "Kurmet”
ordeni, "Qazaxıstanın müstəqilliyinin 20 illiyi” medalı, Beynəlxalq
Akademiyaların orden və medalları, "Beynəlxalq münasibətlərdə
Rumıniyanın və ümumdünya dəyərlərin inkişafında göstərdiyi yüksək
xidmətlərə görə Rumıniyanın Fəxri Diplomu” ilə təltif olunub.
Mərhum nazirin bir oğlu var.
Allah rəhmət eləsin!