Aprelin 28-də Formula 1
Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından
sonra azarkeşlər axşam saatlarında yenidən "Baku Crystal Hall”a
toplaşıblar.
Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turundan sonra məşhur müğənni Kristina Aqilera Bakıda səhnəyə çıxıb. "Baku Crystal Hall”da öz hit mahnılarını səsləndirən müğənni tamaşaçılara unudulmaz anlar yaşadıb.
Bəstəkar
və aktrisa kimi də tanınan Kristina Aqileranın 7 albomu dünyada
ümumilikdə 43 milyondan çox tirajla satılıb. Valehedici səsi və möhtəşəm
vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən müğənni 6
"Grammy” mükafatına layiq görülüb. Onun 4 mahnısı "Billboard”ın ən çox
dinlənilən 100 ifası sırasında ilk yerləri tutub. Bundan başqa, Kristina
Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox
məşhurlarla sıx əməkdaşlıq edib.
Sonra səhnəyə məşhur DJ qrupu
"Axwell Λ Ingrosso” çıxıb. İsveçin ən məşhur elektronik rəqs musiqisinin
sevilən nümayəndələrindən olan DJ-lər Axwell və Ingrosso Formula 1
Azərbaycan Qran-Prisinin ikinci günündə tamaşaçılara əsl əyləncəli gecə
təqdim ediblər. (AzərTAc)