2018 "Formula-1" Azərbaycan Qran-Prisinin ilk günündə Jamiroquai qrupu konsert verəcək.
Bakı Şəhər Halqasından
XəzərXəbər-ə daxil olan məlumata görə Fank musiqi janrının əfsanələri aprelin 27-də
Kristal Zalda tamaşaçıların qarşısına çıxaraq canlı performans nümayiş
etdirəcəklər.
Bakı
Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə
bildirir ki, gərgin mübarizə ilə dolu və əyləncəli keçəcək 2018 Formula 1
Azərbaycan Qran Prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank
musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq. Ötən
illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunda dünya ulduzlarının
iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq Kristal
Zalında keçiriləcək.
Caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda
yaradılan bu qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi
qruplarından birinə çevrilib. 25 illik fəaliyyət müddəti ərzində 27
milyondan çox albom satan bu qrup "Grammy”, "Ivor Novello” və "MTV
Moonmen” mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.
Jamiroquai-nın
ilk albomu "Emergency on Planet Earth” adlanır və qrup bu albomu ilə
davamlı inkişafda olub və böyük uğurlar qazanıb. Daha sonra qrup
milyonlarla satışa nail olmuş yeni albomlar çıxarıb və bu albomlarda
digər musiqi növlərindən, o cümlədən pop, rok, disko və elektronika
janrlarından da ifalar səsləndirib. Qrup məşhur treklərindən "Virtual
Insanity” ilə "MTV”-nin keçirdiyi Video Musiqi Müsabiqəsinin və "Grammy”
Mükafatının 4 dəfə qalibi olub və həmçinin klassik janrda səsləndirdiyi
"Space Cowboy”, "Deeper Underground” və "Feels Just Like It Should”
mahnıları ilə şöhrətini daha da artırıb. Bundan başqa Jamiroquai qrupu
1996-cı ildə çıxardığı "Travelling Without Moving” albomu fank musiqi
janrı tarixində ən çox satılan albom ünvanı qazanaraq Ginnesin Rekordlar
Kitabına daxil olub.
Dünya musiqisinin ən məşhurlarından olan
"Chance the Rapper”, "Pharrell”, "Tyler the Creator”, "Jungle”, "Redman”
və "The Internet” kimi tanınmış ulduzların böyük rəğbətini qazanan və
həmçinin Stivi Vonder və Dayana Ross ilə birlikdə möhtəşəm ifalar
nümayiş etdirən bu qrup dövrümüzdə hamının böyük hörmət göstərdiyi
aparıcı musiqi innovatorlarından biri kimi qəbul olunmaqdadır.
2017-ci
ildə Jamiroquai musiqi qrupu "Automaton” adlı yeni albomunu çıxardı.
Sayca səkkizinci olan bu albomda insan, maşın və yer planeti arasında
olan münasibətlər qeyri-adi üslubda ələ alınıb. Qrup "Automaton” albomu
ilə özfəaliyyətinin ən yüksək pilləsində olduğunu göstərdi və hələ də
qrupun dünya miqyasında böyük arenalarda keçirdiyi konsertlərin
biletləri tamamilə satılmaqdadır.
Bakıya
toplaşacaq bütün Formula 1 azarkeşləri yüksək enerjili konsert gecəsini
səbirsizliklə gözləyirlər və Jamiroquai qrupu yarış həftəsonunun ilk
gecəsində nümayiş etdirəcəyi konsert proqramında Kristal Zala toplaşmış
avtoidman həvəskarlarına möhtəşəm səhnə performansı ilə unudulmaz gecə
yaşadacaq.
BŞH-nin icraçı direktoru Arif Rəhimov Jamiroquai qrupunun Bakıya
gəlişinə belə münasibət bildirib: "2018 Formula 1 Azərbaycan Qran
Prisinin keçiriləcəyi yarış həftəsonunun cümə günü axşam saatlarında baş
tutacaq canlı konsert proqramı ilə əyləncəli tədbirlərin açılışını
edəcək Jamiroquai qrupunu Bakıda
qarşılayacağımız üçün çox şadıq. Dünyada özünəməxsus səsi və yüksək
enerjili performansı ilə məşhurlaşmış çox az musiqi qrupu var. Cey Keyin
rəhbərliyindəki bu qrup musiqi tarixində istedadlı və nadir sayılan
xüsusiyyətlərə malik belə qruplardan biridir və onun özü həm də
avtomobillər üzrə böyük həvəskardır. Bu qrupun gəlişi yarış həftəsonunun
bütün iştirakçıları üçün ən ideal seçimdir və Bakıda sayca üçüncü dəfə keçiriləcək Formula 1 yarışının açılışını bundan daha yaxşı şəkildə qeyd etmək mümkün olmazdı. Bakıda
bizimlə birlikdə olmağa çalışın və biletlərinizi indidən əldə etməyə
tələsin. Həqiqətən də builki yarış həftəsonu çox fərqli olacaq”.
Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı Şəhər Halqasından Kristal Zala tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.
Yalnız
dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu
Gəzintisində eksküliziv olaraq iştirak edə biləcəklər. Bundan başqa,
bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək
avtoqraf sessiyalarında və həmçinin paytaxt Bakının
gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə
zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış
həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.
2018 Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com
Daha ətraflı məlumat əldə etmək istəyən media nümayəndələri media@bakugp.az elektron ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.