Xəzər Xəbər

Elşad Xose Oksananı döyməsindən danışdı

Şou Biznes | 11:49 • 11 Noyabr 2017
Elşad Xose Oksananı döyməsindən danışdı

XəzərXəbər baku.ws-ə istinadən reper Elşad Xose ilə müsahibəni təqdim edir.

- Elşad, kefin-əhvalın necədir?

- Şükür Allaha. Buna da şükür.

- Elşad, illərdir yeni mahnın yoxdur, buna səbəb nədir?

- Sözün açığı mən dəfələrlə bunu qeyd etmişəm ki, əvvəlki həvəsim qalmayıb. Bilmirəm böyüyürükmü və ya qalmaqal və inkişafın olmamağıdandır. Son 5 ildə ümumiyyətlə yeni bir iş olmayıb.

- Azərbaycanda repin vəziyyəti nə yerdədir?

- Azərbaycanda repin korifeyləri bir az ağır səslənsə də demək olar ki, heç biri işləmir. Mən də onlara aid etmək olar. Cavan, istedadlı reperlərin də ki, özlərini göstərməyə meydan, efiri yoxdur. Durğunluq, sakitlik dövrüdür. 2000-ci illərin rep ab-havasına baxanda və bu günkü mənzərə ilə müqayisə etdikdə görürünür ki, bu günkü rep sıfır vəziyyətindədir.

- Repdən aktyorluğa keçmisən? "Mələyin Öpüşü" filmi sənin fikrincə uğurlu oldumu?

- Əvvəllər də özümdə aktyorluğu görürdüm. Amma deyilənə görə, bu gözləniləndən artıq oldu. Çünki işim hamının xoşuna gəldi. Uğurlu oldumu deyəndə isə, keyfiyyətli, ortalığa çıxılası bir iş var və biz bu işdə iştirak etmişik. Dahi aktyor Fuad Poladov kimi insanla bir filmdə çəkilmişik. Mənim üçün təkcə bu böyük bir uğurdur. Bundan o tərəfi yoxdur.

- Əjdahanın başını kəsmək necə bir hissdir?

-Vay... Vay... Vay... Bu əjdahanın başı deyəsən illər keçəcək aktual mövzu olaraq da qalacaq. O günlərə qayıtsaq deyərdim ki, dostum Raufun bu oyunda səhvini düzəltmək lazım idi. Düzəltdik də. Əjdahanın başını kəsmək gözəl bir hissdir.

- Qadında səni cəlb edən nədir?

- İlk növbədə sima. Sima və göz. Çünki ilk baxışdan xanımın savadını bilmək olmur.

- Qadına şiddətə necə baxırsan?

- İnandırım sizi bəzən elə məqamlar olur ki, bu mümkündür.

- Oksananı döydüyün deyilir. Həqiqət nə yerdədir?

- Mütəmadi olaraq aramız dəyir, mübahisə edirik, amma burda elə də şişirdiləsi bir şey yoxdur. Elə də ciddi söz-söhbət olmayıb.

- Narkotik qəbul etməyin arıqlamağına səbəb ola bilərmi?

- 2000-ci ildən mən mütəmadi olaraq narkotiklərlə dostluq edirdim. Sözsüz ki, müəyyən çıxmaq şərti ilə. 2 il, 3 il, 4 il aralı qaldım, tərgitmişdim. Amma müəyyən anlarda fikir, depressiya gəlir yenə də narkotik məsələsi önə çıxır. Amma bu 17 il ərzində mən bu dərəcədə arıqlamamışdısa, demək ki, arıqlamağımın narkotikə dəxli yoxdur. Ola bilər ki, hər hansı bir təsiri var amma ümumi arıqlamağımın günahı narkotik deyil. Çünki dəfələrlə elə pis periodlar olub ki, elə həmin vaxtlarda arıqlayardım.

- Ateistlikdən namaza keçid yolun necə oldu?

- Sözlərimi düz yozmayıblar. Amma Allaha sözsüz inanıram. Hər zaman da inanmışam. Dinlər, çərçivələr, fəlsəfələr bunlardan bir az uzağam. İndi kimdə Allahdır, kimdə Krişnadır, kimdə İsadı, kimdə nədi... Amma belə bir qüvvə var, bizi idarə edən bir qüvvə... Biz ona tabeyik və biz onu dərk edə bilmərik. Çünki biz yaradılmışıq, o isə yaradandır. Yaradılan kəs yaradanını dərk edə bilməz.

- Həbsxanada sənə qarşı münasibət necə idi?

- Sizə deyim ki, utanılası bir şey də yoxdur, fəxr ediləsi də. Sadəcə olaraq həyat belə gətirdi ki, müəyyən zamanda mən həbs edildim. Mənim kimi yaradıcı insan 4 divar arasında təklikdə qaldı. Dəyib-dolaşan yox idi, yaradılıcılıqla məşğul ola bilirdim. Repertuarımda olan bir-iki tanınmış, xoşagələn mahnı var ki, ("Atalar Üçdən Deyib", "Xüsüsən") mən elə onu həbsxanada yazmışam. 2007-ci ildə mən 8-10 gün həbsxanada oldum və sonra zaminə buraxıldım. Yadımda qalan o oldu ki, həmin ərəfələrdə çox böyük əks-səda doğuran məhkəmə-cinayət işləri var idi. Elə gətirdi ki, mənimlə üzbəüz kameralarda, eyni korpusda yetərincə tanınmış insanlar idi. Keçmiş nazirlər, generallar, rəislər... Mənim yaddaşımda maraqlı kimi qalan həmin elə o şəxslər olub. Çünki biz ünsiyyət qurub onlarla mütəmadi olaraq söhbətləşirdik.

- Karyeranı bitirməyi düşünürsən?

- Mən repə ümiyyətlə iş kimi yox hər zaman məşğuliyyət kimi baxmışam. Ona görə də, mən karyeramı bitirsəm də yenə də yazı-pozu ilə məşğul olacam. Amma bu yaxınlarda hesabat konserti ilə qarşınıza gələcəm. "Vida" konserti keçirmək istəyirəm. Artıq 20 ildir ki, səhnədəyəm və bu bütün 20 ili əhatə edən hesabat konserti verəcəm.

- Gündəmin nəbzini tutan "oyaq" reperlər kimlərdir?

- Miri Yusif zamanın nəbzini tutub və çox gözəl işləyir. Miri Yusif elə öncədən də işgüzar olub. Sadəcə Namiq Qaraçuxurlu kimi Miri Yusif də başa düşdü ki, repdən, meyxanadan bir şey çıxmaz. Mahnıya keçmək lazımdır.

- Gənc reperlərdən kimi qəbul edirsən?

- Okaber, Orxan "Qarabasma", özünü tanımasam da "EKSPERT" var və sözsüz ki, həyatda dostum "Dado" ləqəbli Səidimiz var.

- Gözlərindəki parıltı sanki sönüb. Buna səbəb nədir?

- Adətən o gözdəki parıltı ölümə yaxın halda itir. Həyatımın son dəqiqələrini yaşayan bir insan kimi görünürümsə əgər o başqa məsələ. Gözlərimdəki o qığılcım yoxdursa yəqin ki, yaxın gələcəkdə gələr.

- Sonda nə demək istərdin?

- Demək istərdim ki, "Maşın şou"da məni dəstəklədiyiniz üçün qarşınızda baş əyirəm. Hamıya salamlar. Minnətdaram. Öpürəm sizi.

Xəbər lenti