Avropa Yayım Şurası "Eurovision”
mahnı müsabiqəsində iştirak qaydalarını dəyişib. Buna səbəb builki
yarışmada rusiyalı müğənni Yuliya Samoylovanın Ukraynaya buraxılmaması
olub. Dəyişiklik barədə müsabiqənin məlumat portalı Esctoday məlumat
yayıb.
Bundan sonra müsabiqənin keçirildiyi ölkənin ərazisinə buraxılmasında
potensial qadağası olanlar "Eurovision”da iştirak edə və ya nümayəndə
heyətinin üzvü ola bilməzlər.
2017-ci ilin yazında Ukrayna hakimiyyəti rusiyalı müğənni Yuliya
Samoylovanı öz ölkələrinə buraxmayıb və onun bu ölkəyə girişinə növbəti
iki ildə də qadağa qoyublar. Əsas kimi də o göstərilib ki, Samoilova
Rusiyadan keçməklə ilhaq olunmuş Krıma gedib. Ukraynada bu,
qanunvericiliyin pozulmasıdır. Rusiya isə öz növbəsində builki
müsabiqədə iştirak etməkdən və onu özünün birinci kanalında
yayımlamaqdan imtina edib.
Yayım Şurası həm də münsiflər heyətinin seçilməsi ilə bağlı tələbləri
sərtləşdirib. Müsabiqədə oxunan mahnılarla hər hansı əlaqəsi olan
şəxslərin münsiflər heyətinə salınması qadağan olunub. Təşkilatçılar bir
daha vurğulayıblar ki, müsabiqədə siyasət və təbliğat yolverilməzdir.