Xəzər Xəbər

Dünyada buğdanın satış qiyməti artır - PROQNOZ

İqtisadiyyat | 18:42 • 13 Yanvar 2021
Dünyada buğdanın satış qiyməti artır - PROQNOZ

ABŞ-ın Kənd Təsərrüfatı Departamenti dünyada buğda ixracı, istehsalı ilə bağlı proqnozlarını açıqlayıb.


Departamentin hazırladığı "Taxıl: Dünya bazarı və ticarəti" adlı hesabatın yanvar sayında buğda, düyü və dənli bitkiləri (qarğıdalı, arpa, sorqu, yulaf və çovdar) əhatə olunub.


Hesabatda deyilir ki, 2020-ci ilin dekabrında Rusiya hökuməti yüksək daxili qiymətlərə cavab olaraq bəzi taxıl və yağlı toxum məhsulları üçün ticarətin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bu addım ölkənin rekord buğda istehsalına nail olunmasına baxmayaraq, atılıb. Rusiya 2017, 2018, 2019-cu illərdə dünyada ən böyük buğda ixracatçısı olub, 2021-ci ildə yenidən dünyada ən böyük buğda ixracatçısı olması gözlənilir.


Rusiyanın tətbiq etdiyi yeni tədbirlər sırasında buğda, çovdar, arpa və qarğıdalı da daxil olmaqla, müəyyən dənli bitkilər üzrə 17,5 milyon ton ixrac kvotasının tətbiq edilməsi nəzərdə tutulur. Bu qayda 2021-ci il 15 fevral - 30 iyun tarixlərində qüvvədə olacaq. Bu kvota daxilində buğda 1 ton üçün 25 avro ixracat vergisi nəzərdə tutulur, ixrac həcmi kvotadan çox olarsa verginin 50 %-i ödəniləcək, bu isə hər ton üçün 100 avroya yaxın məbləğdə vergi tutulması deməkdir. Nəticə etibarilə yeni hesabatda buğda ixracı üzrə proqnoz cüzi şəkildə azaldılıb və kvotanın tətbiqi ilə Rusiya istehsalı olan buğdanın rəqabət qabiliyyətinə azaldıcı təsir göstərəcək. Rusiya 2020-ci ilin iyul-dekabr aylarında 25 mln buğda ixrac edib. Rusiya ixracatçıları tədarüklərini ötən ilin fevralından artırmağa çalışdılar. Lakin bundan sonra tədarüklərin mövsümi olaraq azalacağı gözlənilir. Bununla yanaşı, buğda ixracatçılarının əksəriyyətinin ehtiyatlarının bu il azalması gözlənilir. Ən böyük qlobal buğda idxalatçısı olan Misir, idxalının yarısından çoxunu Rusiyadan həyata keçirir. Türkiyə adətən buğda idxalının təxminən dörddə üçünü və digər dənli bitkilərin idxalının yarısından çoxunu Rusiyadan alır.


Bəzi ölkələrdə Rusiyanın buğda ixracında payının azalması gözlənilir.


Belə ki, bu il Mərakeşin buğda idxalını 1,9 milyon ton artıraraq rekord göstərici - 6,5 milyona çatdıracağı proqnozlaşdırılır. Mərakəşdə isə Ukraynanın buğda ixracındakı payı artacaq, ən böyük buğda idxalçısı olacaq, növbəti yerlərdə isə Kanada və digər Avropa ölkələri tutacaq.


Rusiyanın ixrac kvotası ilə bağlı qərarından sonra dünya bazarında buğdanın qiyməti artıb. Bununla yanaşı, dünyada qlobal istehsal bu il azalacaq. Həmçinin, ABŞ-da mövsümi qiymətlər bir buşel üçün orta hesabla 0,15 ABŞ dolları artaraq 4,85 ABŞ dollarına çatacağı gözlənilir./Report

Xəbər lenti