Xəzər Xəbər

Azərbaycana gətirilən avtomobillər ölümə səbəb olur? Ekspert

İqtisadiyyat | 09:31 • 25 Sentyabr 2019
Azərbaycana gətirilən avtomobillər ölümə səbəb olur?

Azərbaycana gətirilən avtomobillərlə bağlı 2018-ci il dekabrın 7-də ölkə başçısı İlham Əliyev "Yol hərəkətinin təhlükəsizliyinə dair” 5 illik Dövlət Proqramı imzalayıb. Həmin proqramda köhnə avtomobillərin istismardan yığışdırılması, yeni və ekoloji cəhətdən təmiz avtomobillərin ölkəyə gətirilməsi və bu məsələnin stimullaşdırılması əksini tapır. Stimullaşdırma dedikdə müəyyən güzəştlərin tətbiqi nəzərdə tutulur. İnsanlar düşünməlidir ki, hibrid elektromobil alsa, gömrük rüsumlarında onlara müəyyən güzəştlər ediləcək. Bununla həm ətraf mühit qorunar, həm də köhnə avtomobillərin yollarımızda hərəkətinin qarşısı alınar”.

Bu sözləri Teleqraf.com-a nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda avtomobil bazarının inkişafı gömrük rüsumlarının azaldılması nəticəsində ola bilər:

"Azərbaycanda avtomobil bazarının inkişafı rüsumların azaldılmalardan asılıdır. Xaricdə 5000 min manata alınan maşın Azərbaycana gömrük rüsumlarıyla birgə 11000 min manata gəlib çıxır. Cənubi Qafqaz ölkələri arasında maşın bazarının at oynatdığı ölkə Gürcüstandır. Hazırda Azərbaycana 7 milyona yaxın borcu olan Gürcüstan Azərbaycandan iqtisadi cəhətdən az da olsa asılıdır.

Bu halda avtomobillərin Gürcüstanda Azərbaycana nisbətən qat-qat ucuz olmasının səbəbləri sual doğurur. Eyni zamanda Gürcüstandan Azərbaycana texniki cəhətdən nasaz maşınlar gəlməsi də ayrı bir dərddir”.

Elməddin Muradlı qəza nəticəsində deformasiyaya uğramış maşınların restavrasiyadan sonra avtomobil bazarlarına çıxarılmasını dünya avtomobil bazarı təcrübəsində də olduğunu bildirib:

"İnkişaf etmiş ölkələrdə də belədir. Qəza nəticəsində defoprmasiyaya uğramış və ya ümumiyyətlə köhnə maşınlar restavrasiyadan sonra yeni formada maşın bazarına təqdim edilir. Yəni bu tip maşınların yenilənib istismara verilməsi dünyanın avtomobil sənayesi olan bütün ölkələrindəki təcrübədir.

Elə ölkələr var ki, sınıq-salxaq maşını elə o cür satışa çıxarır. Onu da əsasən, gürcüstanlı maşın alverçiləri alır. Gürcüstanın bir çox şəhərlərində yol qıraqlarında əzilmiş, deformasiyaya uğramış maşınların gözoxşayacaq dərəcədə düzəldilməsi üçün avtomobil servisləri fəaliyyət göstərir.

İki eyni modeldən olan maşının detallarını saf-çürük etdikdən sonra, yəni iki maşından bir maşın düzəldib yenidən bazara buraxırlar. Alıcılar da həmin maşınların vizual görüntüsünə aldanaraq alırlar”.

Elməddin Muradlı bildirib ki, belə maşınlar Azərbaycana gətirilən zaman digər ölkələrdə, məsələn, Amerika və Avropada olduğu kimi, qəzalı maşınların ixracı bir növ utilizasiya proqramı kimi nəzərdə tutulduğundan alıcıdan heç bir verginin alınmaması və ya bu rəqəmin çox cüzi olması qaydası ölkəmizdə keçərli deyil: "Hətta bunun üçün bəyannamə təqdim etsəniz də, sənədinizə baxılmayacaq”.

Ekspert onu da əlavə edib ki, maşın alqı-satqısında mütəxəssislərin iştirakı vacibdir.

Elməddin Muradlı maşın alverində Gürcüstana axın olmasına belə aydınlıq gətirdi: "Gürcüstan bizə ən yaxın ölkədir, satışa çıxarılan maşınlar da ucuz olur. Deformasiyaya uğramış bahalı maşının bir detalı üzərində iş, onun bir şüşəsinin dəyişimi sonrakı qiymətinə təsir edir. Bu, işbazlara da bu sərf edir.

Məsələn, Almaniyadan Gürcüstana gətirilən maşın gömrük rüsumları və sairlə birgə 7000 minə başa gəlirsə, Gürcüstandan Azərbaycana 11-12000 minə gəlib çatır. Xaricdən 20 minlik lüks maşın almaq istəsəz onun rüsumalrı 90-100 minə gəlib çatır. Bu çox dəhşətli rəqəmdir”.

Ekspert belə avtomobillərin adi yol qəzalarında daha çox ölümə səbəb olduğunu da vurğulayıb: "Bunun nəticəsidir ki, müasir avtomobillərdə kiçik yol-nəqliyyat hadisələrində iki-üç nəfər həlak olur. Araşdıranda bu avtomobillərin başqa ölkələrdə çoxsaylı qəzalara uğramış və yenidən yığılmış avtomobil olduğu üzə çıxır”.


Xəbər lenti