Xəzər Xəbər

Avqustda OPEC üzrə neft istehsalı artıb

İqtisadiyyat | 16:34 • 11 Sentyabr 2019
Avqustda OPEC üzrə neft istehsalı artıb

Avqustda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı çoxalıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı iyul ayı ilə müqayisədə 136 min barrel artaraq gündəlik 29 milyon 740 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 30 faiz olub.


Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Səudiyyə Ərəbistanı, Nigeriya və İraq artırıb. Səudiyyə Ərəbistanında gündəlik istehsal 118 min barrel artaraq 9 milyon 805 min barrel olub. Nigeriyanın sutkalıq hasilatı 86 min barrel çoxalaraq 1 milyon 866 min barrelə çatıb. İraqda isə neft istehsalı 43 min barrel artaraq sutkada 4 milyon 799 barrelə yüksəlib.


Avqustda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Venesuela, İran və Liviyada azalıb. Venesuelanın gündəlik hasilatı 43 min barrel azalaraq 712 min barrelə düşüb. İranda istehsal 24 min barrel geriləyərək sutkada 2 milyon 194 min barrel təşkil edib. Liviyada isə hasilat 21 min barrel azalaraq 1 milyon 56 min barrel təşkil edib.


Ötən ay dünyada 32 qazma qurğusu işə düşüb, ümumilikdə qurğuların sayı isə 2 min 362 olub. Həmin qurğuların 580-i OPEC-ə üzv ölkələrdədir.

Xəbər lenti