Xəzər Xəbər

Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın ali audit qurumları birgə anlaşma memorandumu imzalayıb

İqtisadiyyat | 15:44 • 11 İyul 2019
Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın ali audit qurumları birgə anlaşma memorandumu imzalayıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə iyulun 11-də Tbilisidə "BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün "Şərq tərəfdaşlığı” ölkələrinin ali audit qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı keçirilib.


Hesablama Palatasının mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, toplantıda palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.


Layihənin açılış mərasimində Hesablama Palatasının sədri V.Gülməmmədov, Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri Erekle Mekvabişvili, Ukrayna Hesablama Palatasının sədri Valeriy Patskan, Belarusun Dövlət Nəzarət Komitəsinin sədrinin müavini Aleksandr Kurlipo, GIZ təşkilatının və Almaniyanın Gürcüstandakı səfirliyinin rəsmiləri çıxış ediblər.


Almaniya Beynəlxalq İnkişaf Təşkilatının "BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün "Şərq tərəfdaşlığı” ölkələrinin ali audit qurumlarının potensialının gücləndirilməsi” adlı layihəsi "Şərq tərəfdaşlığı” ölkələri arasında qanunvericilik bazası, maliyyə, uyğunluq və səmərəlilik auditi metodologiyaları sahəsində görüşlərin, seminarların, təlimlərin və ali audit qurumlarının əməkdaşlarının təcrübə mübadilələrinin, habelə paralel səmərəlilik auditlərinin aparılmasını nəzərdə tutur.


Layihə ali audit qurumlarının potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, "Şərq tərəfdaşlığı” ölkələrində əsaslı dövlət maliyyə idarəetməsi, şəffaflıq və hesabatlılıq sahələrinə daha çox töhfə vermək sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədini daşıyır. Cari ildə layihə ilə nəzərdə tutulmuş silsilə tədbirlər sırasında Tbilisidə "Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Proqramı”nın icrası üzrə Cənubi Qafqaz regionunda müvəffəqiyyətlə tətbiq olunan yanaşmaları, nəticələri və çətinlikləri nümayiş etdirmək və paylaşmaq üçün forum, həmçinin maliyyə auditinə dair təlim, eyni zamanda, Kiyevdə səmərəlilik auditinə dair təlim-seminar keçirilib.


Tədbirin sonunda qeyd edilən istiqamətlərdə əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna ali audit qurumlarının nümayəndə heyətlərinin rəhbərləri birgə anlaşma memorandumu imzalayıblar.

Xəbər lenti