Xəzər Xəbər

Dünyada təbii qaza olan tələbat artacaq

İqtisadiyyat | 17:19 • 7 İyun 2019
Dünyada təbii qaza olan tələbat artacaq

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal qaz tələbatının 2024-cü ilə qədər hər il 1,6% artacağını proqnozlaşdırır.


"APA-Economics"in IEA-nın hesabatına əsasən verdiyi məlumata görə, proqnozlara əsasən, 2024-cü ilədək qlobal qaz tələbatının 40%-dən çoxu Çinin payına düşəcək ki, bu da Çin hökumətinin havanın keyfiyyətinin yaxşılaşdırılması hədəfi ilə bağlıdır.


Çində təbii qaz istehlakı 2017-ci ildə 14,5%, 2018-ci ildə isə 18,1% artıb. Lakin iqtisadi artımın yavaşlaması nəticəsində ölkədə orta illik istehlak üzrə artım 2024-cü ilədək 8% düşəcəyi gözlənilir.


Ortamüddətli perspektivdə Asiya-Sakit okean regionu istehlakın artmasına görə birinci yeri qoruyub saxlayacaq. Bu göstərici üzrə orta illik artım 4% təşkil edəcəyi gözlənilir. Dünya qaz istehlakının 60%-i məhz bu regionun payına düşəcək.


Qlobal qaz tələbatının artması agentlik tərəfindən ABŞ, Yaxın Şərq və Şimali Afrikada istehlakın artması ilə də əlaqələndirilir. Avropada isə qaz istehlakının artması birbaşa kömür şaxtalarının və atom elektrik stansiyalarının bağlanması ilə əlaqədardır.


Sənaye qaz istehlakının artması lokomotivi olaraq qalacaq. Sənayedə qazın həm yanacaq, həm də xammal kimi istifadəsi orta hesabla ildə 3% artaraq 2024-cü ilədək dünyada olan qaz istehlakının 46%-lik artımını təmin edəcək. Buna baxmayaraq, elektrik enerji sektoru ən böyük qaz istehlakçısı kimi olaraq qalacaq. Bu sektorun payına 2024-cü il üçün ümumi tələbatın 40%-i düşəcək.

Xəbər lenti