Xəzər Xəbər

POS-terminal ödənişində vergi güzəşti - BELƏ HESABLANACAQ - NÜMUNƏ

İqtisadiyyat | 10:16 • 10 May 2019
POS-terminal ödənişində vergi güzəşti -

Vergi Məcəlləsində 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, POS-terminalla həyata keçirilən ödənişlərə görə sahibkarlara müəyyən güzəştlər verilib. 


Vergi Məcəlləsinin 102.1.24-cü maddəsində qeyd edilib ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər isə bu maddənin məqsədləri üçün nəzərə alınır.


Misal: Tutaq ki, sizin ümumi gəliriniz 1.000 manatdır. Onun 200 manatı nağd qaydada, 800 manatı isə POS-terminal vasitəsilə daxil olub. Əgər sizin xərcləriniz 700 manat olarsa, həmin məbləğ çıxıldıqdan sonra gəliriniz müəyyən olunur:


Gəlirdən çıxılan ümumi xərc = 700 manat;

1000 - 700 = 300 manat

Gəlir = 300 manat


Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat təşkil edirdi:


1000 - 700 = 300 x 20% = 60 manat.


Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat olub. Burada 12 manat azalma müşahidə edilir:


800 (nağdsız dövriyyə) / 1000 (ümumi gəlir) = 0,8 (xüsusi çəki)

60 x 0,8 x 25% = 12 manat

60 - 12 = 48 manat. (FED.az)

Xəbər lenti