Xəzər Xəbər

Bir ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb

İqtisadiyyat | 15:42 • 19 Aprel 2019
Bir ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb

Mart ayından aprelin 15-dək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti hesabına yeni qaydalarla 506 kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı həyata keçirilib. Satılmış texnikanın 411-i "Aqrolizinq” ASC-yə, 95-i isə digər təchizatçılara məxsus olub.


Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu müddətdə Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə 8 milyon manat kredit verib.


Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, mart ayındakı istirahət günlərinin sayı nəzərə alınsa, bu nəticəyə 1 ay ərzində nail olunub. Ümumilikdə, 32 milyon manatlıq texnika satışına görə 12,8 milyon manat dövlət vəsaiti ayrılaraq subsidiya kimi fermerlərin əvəzindən təchizatçılara ödənilib.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarı liberallaşdırılıb. Bu Fərmana qədər yalnız səhmləri dövlətə məxsus "Aqrolizinq” Səhmdar Cəmiyyətinin bazalarında olan texnika və damazlıq heyvanın satışına dövlət güzəşti tətbiq edilirdisə, yeni qaydalara müvafiq olaraq istənilən təchizatçıdan kənd təsərrüfatı texnikası və damazlıq heyvan alan şəxs dövlət güzəştindən faydalana bilir.


Qaydalara uyğun olaraq, Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizi, damazlıq heyvanın isə dəyərinin 60 faizi məbləğində vəsaiti fermerin əvəzindən təchizatçıya ödəyir. Bundan başqa, texnika və heyvanın güzəştli kreditlə satışı zamanı kredit faizlərini də AKİA vətəndaşın əvəzindən ödəyir.


Xəbər lenti