Xəzər Xəbər

Magistratura imtahanlarına sənəd qəbulu bu gün yekunlaşır

İqtisadiyyat | 10:32 • 11 Fevral 2019
Magistratura imtahanlarına sənəd qəbulu bu gün yekunlaşır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün bakalavrların ərizə qəbulu fevralın 11-də başa çatır.


DİM-dən xezerxeber.az-a bildirilib ki, hazırda magistraturaya qəbul imtahanında iştirak etmək üçün 11074 (Azərbaycan bölməsi - 10053; rus bölməsi - 1021) bakalavr ərizəsini təsdiqlədib. Bakalavrların ərizələrinin qəbulu fevralın 1-dən başlayıb və internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavrlar günün sonunadək elektron ərizələrini dolduraraq təsdiq edə bilərlər.


Qeyd edək ki, qəbul imtahanı mərkəzləşdirilmiş qaydada iki mərhələdə aparılacaq. İmtahanın birinci mərhələsi fevralın 24-də, ikinci mərhələsi isə mayın 26-da keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır. Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Xəbər lenti