Xəzər Xəbər

“Startap” layihələrinə vergi güzəşti müəyyənləşdirilib

İqtisadiyyat | 14:04 • 7 Dekabr 2018
“Startap” layihələrinə vergi güzəşti müəyyənləşdirilib

Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən vergiödəyicilərinin "Startap şəhadətnaməsi” aldığı vaxtdan innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət üç il müddətinə vergidən azad olunub.


Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, paylarının (səhmlərinin) 51 faizi və daha artıq hissəsi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergiödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizdən çox olmayan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi) 2019-cu il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunur. Bu güzəşt yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.


Başqa sözlə, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsinə ayrılan sponsorluq vəsaitləri vergidən azad edilib. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vergiödəyicisinin azı üç il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi, mikrosahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azad olunanlar siyahısına əlavə olunur.

Xəbər lenti