Xəzər Xəbər

Avtobus qəzası ilə bağlı RƏSMİ MƏLUMAT

İqtisadiyyat | 09:47 • 11 Avqust 2018
Avtobus qəzası ilə bağlı

Avqustun 10-da saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində 64 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 99 HM 363 olan sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.


Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, qəza ilə bağlı məlumat daxil olan kimi agentliyin əməkdaşları hadisə yerinə gediblər. İlkin məlumata görə, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu sonuncu dayanacaqda olan zaman dərədən aşıb. Hadisə sonuncu dayanacaqda baş verdiyindən avtobusda sərnişin olmayıb. Qəza zamanı avtobusun sükanı arxasında olan Rəhimov Tariyel Əli oğlu dünyasını dəyişib.


"Sosial şəbəkələrdə və bəzi informasiya saytlarında sərnişin dolu avtobusun dərəyə aşması nəticəsində xeyli sayda insanın xəsarət alaraq ölməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, bu cür məlumatlar insanlar arasında çaşqınlığın və süni ajiotajın yaranmasına səbəb olur. Xahiş edirik ki, bu cür hadisələr zamanı Bakı Nəqliyyat Agentliyinin yaydığı rəsmi məlumatlara istinad edilsin.


Məlumat üçün onu da bildiririk ki, əvvəllər açıqladığımız kimi, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti qənaətbəxş hesab edilməyib. Daxil olan vətəndaş müraciətləri əsasında xətt üzrə avtobuslara keçirilən baxış zamanı nəqliyyat vasitələrinin texniki baxımdan yararsız vəziyyətdə olması, eyni zamanda, sürücülərin qeyri-peşəkar olması müəyyən edilib. Mövcud vəziyyətlə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi xəbərdarlıqlar edilsə də təsirli tədbirlər görülməyib”, - deyə Bakı Nəqliyyat Agentliyinin məlumatında qeyd olunub.

Xəbər lenti