Xəzər Xəbər

Azərbaycan Filizçay yatağından üç milyard manat qazanacaq

İqtisadiyyat | 10:38 • 10 İyul 2018
Azərbaycan Filizçay yatağından üç milyard manat qazanacaq
Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır.


XəzərXəbər xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda "AzerGold” QSC-nin sədri Zakir İbrahimov bildirib.


Onun sözlərinə görə, hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcəkdir.

"Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə buruq-qazma işləri aparılır".

"AzerGold” QSC-nin sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində ən müasir avadanlıqların cəlb edilməsi ilə kompleks geofiziki tədqiqatlar nəticəsində mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər qeydə alınıb. Buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması işlərinə başlanılıb.

Z.İbrahimov əlavə edib ki, ölkə ərazisində yeni yataqların müəyyən edilməsi məqsədilə kəşfiyyat işləri aparılır.

"Belə ki, bu işlərin nəticəsində Göygöl inzibati rayonunda yerləşən Ağyoxuş perspektivli qızıl filizi sahəsi müəyyən edilib, aparılmış geofiziki işlər müsbət nəticə verib və 2018-ci ilin sonunadək buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması planlaşdırılıb. Eyni zamanda, Tülallar perspektivli qızıl filizi yatağının mövcud ehtiyatlarının təsdiq edilməsi və növbəti addım olaraq tədqiqat işlərinin başlanması məqsədilə yataq üzrə ilkin fəaliyyət planı tərtib edilib".

Xəbər lenti