Xəzər Xəbər

Gömrük nəzarəti "Smith Detection" vasitəsilə həyata keçirilir

İqtisadiyyat | 10:38 • 12 İyun 2018
Gömrük nəzarəti "Smith Detection" vasitəsilə həyata keçirilir

Doqquz gömrük-keçid məntəqəsində avtomobillərin gömrük nəzarəti "Smith Detection" vasitəsilə həyata keçirilir.


Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirilib ki, bu barədə Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "X-ray aparatlarının təsvirlərinin oxunması" mövzusunda keçirilən milli seminarda DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev deyib.


Seminarda Dövlət Gömrük Komitəsinin bütün gömrük-keçid məntəqələrinin mütəxəssisləri iştirak edir.


Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev bildirib ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev bütün dövlət təsisatları kimi, gömrük xidmətinin də formalaşdırılması istiqamətində mühüm addımlar atıb və Azərbaycan gömrüyünü ölkənin müstəqilliyinin əsas atributlarından birinə çevirib.


Bu gün Prezident İlham Əliyevin reallaşdırdığı mütərəqqi islahatların Azərbaycan gömrüyünün daha dinamik şəkildə inkişaf etməsinə şərait yaratdığını qeyd edən komitə sədrinin müavini, gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə müasir texnologiyalardan və tətbiqlərdən geniş şəkildə istifadə olunduğunu diqqətə çatdırıb. Artıq Azərbaycanın 9 gömrük-keçid məntəqəsində avtomobillərin, 2 dəmiryol-keçid məntəqəsində isə qatarların gömrük nəzarətinin dünyada ən müasir avadanlıq hesab edilən "Smith Detection" vasitəsilə həyata keçirildiyini bildirən Əsgər Abdullayev, seminarın bu avadanlıqlardan daha səmərəli şəkildə istifadə olunacağına şərait yaradacağını deyib.


Rusiya Gömrük Akademiyasının Sankt-Peterburq filialının kafedra müdiri Pyotr Afonin skanlaşdırma avadanlıqlarının ticarətin sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi, risklərin azaldılması istiqamətindəki əhəmiyyətindən danışıb və seminarın bu sahədə Azərbaycan gömrükçülərinə yeni bilik və bacarıqlar qazandıracağına ümidvar olduğunu bildirib.


Qeyd edək ki, 4 gün davam edəcək seminarda Rusiya Gömrük Akademiyasının Sankt-Peterburq filialının kafedra müdirləri Pyotr Afonin və Valeri Zubov yoxlama-baxış sistemlərinin tarixi, təsnifatı, bu sistemlərin mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətində tətbiqi, yoxlama-baxış sistemləri vasitəsilə əldə edilən rentgen təsvirlərinin əyani analizi və digər mövzularda iştirakçılara məlumat verəcəklər.

Xəbər lenti