Xəzər Xəbər

TAP-ın Fierdəki kompressor stansiyasının inşasının 30 faizdən çoxu yekunlaşıb

İqtisadiyyat | 16:07 • 11 İyun 2018
TAP-ın Fierdəki kompressor stansiyasının inşasının 30 faizdən çoxu yekunlaşıb

"Trans-Adriatik” (TAP) təbii qaz boru kəmərinin inşası çərçivəsində Albaniyanın Fier şəhərindəki kompressor stansiyasında 3 turbo kompressorun quraşdırılması müvəffəqiyyətlə başa çatıb.


AZƏRTAC boru kəmərinin operatoru olan TAP AG şirkətinə istinadla xəbər verir ki, turbo kompressorlar kompressor stansiyasının effektiv şəkildə "döyülməsi ürəyi”dir. Onlar boru kəməri sistemi vasitəsilə qaz nəqlinin təmin edilməsində əsas rol oynayacaq. Fierdəki kompressor stansiyasının tikintisinin 30 faizdən çoxu tamalanıb. Tikinti işlərinə 210-dan çox insan cəlb olunub və onların 70 faizi yerli işçilərdir.


Turbo kompressorların quraşdırılması mərasimində Albaniyanın Baş naziri Edi Rama, bu ölkənin infrastruktur və energetika naziri Damian Gjiknuri, maliyyə və iqtisadiyyat naziri Arben Ahmetaj, TAP-ın baş direktoru Luca Schieppati, TAP AG-nin prezidenti Valter Peeraer, TAP-ın layihə direktoru Con Haynes və TAP-ın Albaniya üzrə regional direktoru Mişel Elia iştirak edib.


TAP-ın baş direktoru Luca Schieppati deyib: "TAP enerji təhlükəsizliyi, şaxələndirilməsi və dekarbonizasiyaya yardım etmək üçün ən əsas element olacaq. Albaniya hökumətinin, yerli hakimiyyət orqanlarının və icmaların davamlı dəstəyindən faydalanaraq TAP yeni qazın ölkəyə və sonra da digər ölkələrə tədarükünü dəstəkləyən müasir və təhlükəsiz boru kəməri olacaq”.


TAP-ın layihə direktoru Con Haynes isə bildirib: "Layihəni başa çatdırmaq və Avropaya qaz nəql etmək üçün bu, çox mühüm addımdır. TAP-ın Fierdəki kompressor stansiyası Albaniya ərazisində quraşdırılan ən böyük yerüstü qurğudur. Fier Albaniyada TAP-ın planlaşdırılan çıxış nöqtələrindən biri olacaq. Bu da İonik-Adriatik Boru Kəmərinin (IAP) başlanğıc nöqtəsi olacaq, Fier və Albaniyanın bölgədəki strateji əhəmiyyətini daha da artıracaq”.


Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 73 faizi icra edilib. İndiyədək TAP layihəsinə 2,9 milyard avro sərf olunub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.


Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. TAP-ın Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisi isə 2019-cu ildə başa çatdırılacaq. Avropaya ilk Azərbaycanın qazının verilməsi 2020-ci ilə planlaşdırılır.


TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagás” (16 faiz) və "Axpo” (5 faiz).

Xəbər lenti