Xəzər Xəbər

“Bakı Dairəvi-1” yolunda dəyişikliklər edilir - FOTO

İqtisadiyyat | 17:17 • 17 May 2018
“Bakı Dairəvi-1” yolunda dəyişikliklər edilir -

Paytaxtda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edilməsi, müəyyən ərazilərdə sıxlığın azaldılması məqsədilə "Bakı Dairəvi-1” yolunda dəyişikliklər edilir.


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.


Belə ki, Moskva prospektinin "Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunur. Dəyişikliklərdən sonra artıq həmin avtomobillərin "Şamaxinka” ərazisinə daxil olmadan Biləcəri-Sumqayıt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin olunacaq.


Yenidənqurma işləri çərçivəsində "Bakı Dairəvi-1” avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səsboğucularının və dəmir-beton hissənin sökülməsi işləri aparılır. Bununla da əsas yoldan köməkçi yola yeni keçid hissə açılır.


Əsas yoldan yan yola keçid kimi hazırda istifadə olunan hissədə aparılacaq müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn avtonəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edə biləcəklər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılacaq.


İşlərin qısa müddət ərzində yekunlaşdırılması məqsədilə əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Xəbər lenti