"Ötən il ərzində sosial
məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə 15 min
işçi ilə əmək müqaviləsinin müddəti uzadıldı, 7 min işaxtaranla yeni
əmək müqaviləsi bağlandı, ictimai işlərin təşkili proqramı üzrə 19 min
nəfər yerli icra hakimiyyətləri tərəfindən təmir və abadlıq işlərinə
cəlb edildi. Ümumilikdə, ötən il dövlət məşğulluğu tədbirləri hesabına
41 min 400 nəfər işaxtaran iş yeri ilə təmin olunub".
XəzərXəbər xəbər verir ki, bunu yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasında çıxışı zamanı əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, regionlarda
kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min
nəfərdən çox əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan verib:
"İl
ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə
təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə
hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb
olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti təyin edilərək
ödənilib", - deyə nazir bildirib.
S.Müslümov, eyni zamanda
bildirib ki, aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb
olunmasını nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər
və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilərək kiçik ailə
təsərrüfatları yaradılıb. Bundan əlavə, bu təsərrüfatlar barədə
məlumatların "ABAD”
mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib ki, bu da, fikrimizcə,
onların məhsullarının satışında ciddi rol oynayacaq. Hazırda həmin ailə
təsərrüfatlarının mütəmadi monitorinqi aparılmaqdadır: "Müvafiq normativ
hüquqi baza yaradılmaqla yeni fəaliyyətə başlayan işsizlikdən sığorta
sistemi özünüməşğulluq proqramlarında vətəndaşların iştirakı imkanlarını
cari ildə 6 dəfəyə yaxın artıracaq. Bu tədbirlər üçün İşsizlikdən
Sığorta Fondunun büdcəsində 35,8 milyon manat vəsait nəzərdə tutulub", -
deyə nazir əlavə edib.
Nazirin sözlərinə görə, əmək bazarına 111
min nəfər gənc işçi qüvvəsinin daxil olduğu 2017-ci ildə də bu bazarın
stabilliyi qorunub saxlanılıb: "Əmək müqaviləsi bildirişi üzrə elektron
informasiya sistemində qeydiyyata alınmış əmək müqavilələrinin sayı ötən
il 44 min 700 ədəd artıb. Bu artımın təmin olunmasında, möhtərəm cənab Prezident,
Sizin müvafiq Sərəncamınızla yaradılmış Əmək Münasibətlərinin
Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də böyük rol
oynayıb. Əmək bazarında stabilləşmənin mühüm göstəricilərindən biri də
iş üçün məşğulluq mərkəzlərinə edilən müraciətlərin sayının azalmasıdır.
Belə ki, 2016-cı ildə bu məqsədlə məşğulluq orqanlarına 204 min
müraciət olunmuşdusa, 2017-ci ildə bu göstərici 1,7 dəfə azalaraq 118
minə enib".