"Biznesin davamlılığını
təmin edəcək "Azerspace-2”nin orbitə çıxarılması məqsədilə peykin və
daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir”.
XəzərXəbər xəbər verir ki, bunu bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasında "Azərkosmos” ASC-nin sədri Rəşad
Nəbiyev deyib.
Onun sözlərinə görə, peykin aprel ayında orbitə
çıxarılması nəzərdə tutulur: "Azerspace-2” hazırkı əhatə zonamızı
genişləndirməklə yanaşı, "Azerspace-1”in orbitdəki ehtiyatı olacaq, bu
da bizə müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd
edim ki, "Azerspace-2” peyki orbitə buraxılmamış onun tutumlarının 46
faizi artıq "İntelsat” şirkətinə satılıb”.
"Azərkosmos” ASC-nin
sədri bildirib ki, "Azersky” peyki üzrə isə əldə etdiyimiz gəlirlərin 98
faizi xarici bazarlarda formalaşır:
"Bu baxımdan peykin
imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat
Nazirliyi ilə birlikdə "Azərbaycan Respublikasında 2018-2022-ci illərdə
Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına
dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Dövlət qurumlarında bu
xidmətlərdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin
və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi həmin proqramın
hazırlanmasını zəruri edib. Hesab edirik ki, Dövlət Proqramının qəbul
olunması növbəti beş ildə məsafədən müşahidə xidmətlərinin inkişafına
təkan verər, müşahidə xidmətləri vasitəsilə dövlət idarəetməsinin
effektivliyini artırar və bu sahə üzrə elmi-tədqiqat və ixrac
potensialını yüksəltmiş olar”.