Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 12-də növbəti hərrac keçiriləcək.
Komitədən
XəzərXəbər-ə verilən məlumata görə, hərraca ümumilikdə 151 dövlət əmlakı
çıxarılacaq. Bunlardan 19-u səhmdar cəmiyyəti, 70-i kiçik dövlət
müəssisə və obyekti, 62-i istifadəsiz qeyri-yaşayış sahəsidir.
Prosesə
çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq
sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də
tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə
hərraca çıxarılan əmlaklar Bakı, Sabirabad, Yevlax, Salyan, Mingəçevir, Ucar və digər şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakəndə yerləşən Əmlak kompleksi, Mingəçevirdə olan Quşçuluq yardımçı təsərrüfatı, İmişli rayonundakı avtoqaraj kimi iri dövlət əmlakları var.
Hərraca
çıxarılan kiçik dövlət müəssisələrinin 10-a yaxını sənaye, 20-dən çoxu
xidmət, 10-a yaxını təmir-tikinti, qalanları isə digər sahələrə aiddir.
Prosesdə fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək
əmlaklar sırasında Şəki
istirahət zonasını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar
üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Belə müəssisələrin
fəaliyyətinin yenidən bərpası xidmət sahəsinin genişlənməsinə imkan
yaradır.
Bundan başqa, tikiş fabrikinin Ucar
filialı da sənaye sahəsində investorlar üçün gəlirli obyektdir. Adı
çəkilən əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə
özəlləşdirilməsidir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan
istifadəsiz qeyri-yaşayış sahələrindən 48-i paytaxtda, qalanları isə
Sumqayıt şəhərində, Siyəzən, Zərdab
rayonlarında yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə
əmlakların sahəsi 14 kv.m ilə 547 kv.m arasında dəyişir. Bu isə
vətəndaşlarda seçim imkanını artırır.
Özəlləşdiriləcək səhmdar
cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat,
istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında
"Azinterservis”, "Bərdə Kərpic”, "Oğuz Kəndkimya”, "Çatal Broyler”, "Azərmetalinvest”, "Kürdəmir Kəndkimya Təchizat”, "Kürdəmir
Quşçuluq” kimi səhmdar cəmiyyətlər var. Qeyd edilməlidir ki, hərraca
çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif
bölgələrində yerləşir.
Prosesə çıxarılan səhmdar cəmiyyətlərin
səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu
kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan
ilkin start qiyməti ən çox olan əmlak "Azinterservis” Açıq Səhmdar
Cəmiyyətidir.