Xəzər Xəbər

“Neftçi” klubu səfərdə “Qəbələ”ni böyük hesabla məğlub edib

İdman | 16:52 • 22 Noyabr 2020
“Neftçi” klubu səfərdə “Qəbələ”ni böyük hesabla məğlub edib

Bu gün Azərbaycan Premyer Liqasında X turun növbəti görüşü keçirilib.


Xezerxeber.az xəbər verir ki, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Neftçi” klubu qarşılaşıb.


Qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 38-ci dəqiqədə açılıb. Anton Krivotsyuk qonaqları önə keçirib. Cinah müdafiəçisi 51-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 57-ci dəqiqədə Namiq Ələsgərov fərqi daha da artırıb. Üç dəqiqə sonra "Qəbələ”nin heyətində Yusif Nəbiyev fərqlənib. 90+3-cü dəqiqədə Prins İbara növbəti dəfə meydan sahiblərini məyus edib.


Bu, "Neftçi”nin yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk oyunu olub. Flaqman qələbə sayəsində xallarının sayını 17-ə yüksəldib və ikinci sıraya qalxıb. "Qəbələ" isə 8 xalla 7-ci pillədədir.


Komandalar indiyədək ölkə çempionatında 48 dəfə üz-üzə gəliblər. Paytaxt klubu bu görüşlərin 22-də qələbə qazandığı halda, "qırmızı-qaralar" 16 dəfə 3 xala seviniblər. 10 matçda isə heç-heçə qeydə alınıb. Vurulan qolların sayında da qonaqlar üstündür - 68:59. "Neftçi” ardıcıl 13 oyunda meydanı qolsuz tərk etməyib. "Qəbələ” son üç ev qarşılaşmasında xal qazana bilməyib.


Günün digər matçı isə Zirədə baş tutacaq. On beş xalla 3-cü sırada olan eyniadlı qəsəbə təmsilçisi "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirəcək. Rəqibindən 3 xal geri qalan Yunis Hüseynovun başçılıq etdiyi kollektiv 5-ci pillədə yer alıb. Bunadək 20 dəfə qarşılaşmış komandaların duelində hər iki tərəf 6 qalibiyyət alıb. 8 oyun bərabərliklə nəticələnib. Meydan sahiblərinin 23 qoluna qonaqlar 24 topla cavab veriblər. Son 3 qarşılaşmada 4 və ya daha çox qol vurulub. "Zirə” evdə son iki matçda qalib gəlib.


Turin ilk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.

Xəbər lenti