Xəzər Xəbər

Dünya Kubokuna vəsiqə qazanan Avropa və Azərbaycanın qadın çempionu Türkan Məmmədyarova kimdir?

İdman | 14:29 • 23 Aprel 2019
Dünya Kubokuna vəsiqə qazanan Avropa və Azərbaycanın qadın çempionu

Dünyaca məşhur azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun bacısı Türkan Məmmədyarova Türkiyənin Antalya şəhərində keçirilmiş qadınlar arasında Avropa Çempionatında 2020-ci il Qadınlar arasında Dünya Kubokuna iştirak vəsiqəsini qazanıb.

29 yaşlı Məmmədyarova bununla karyerasında ilk dəfə Dünya Kubokuna vəsiqə əldə edib.

Türkan Məmmədyarova kimdir?

Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç beynəlxalq qrossmeysterdən ibarətdir: Zeynəb Məmmədyarova, Şəhriyar Məmmədyarov, Türkan Məmmədyarova.

Türkan Məmmədyarova 7 avqust 1989-cu ildə Sumqayıt şəhərində dünyaya göz açıb. O, ilk uğurunu 2002-ci ildə qazanıb. Belə ki, Türkan 2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb. Daha sonra 2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb. 2011 və 2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.

Milli komanda

Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində 2002-ci ildə Sloveniyanın Bled, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında və 2003-cü ildə Bolqarıstanın Plovdiv, 2007-ci ildə Yunanıstanın İraklion, 2009-cu ildə Serbiyanın Novi Sad, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında iştirak edib.

2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində birinci lövhədə mübarizə aparıb.

Reytinqi

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə, Türkan 2307 xalla Azərbaycan qadın şahmatçıları arasında 6-cı, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 182-ci yerdə qərarlaşıb.

Şəxsi həyatı

Türkan Məmmədyarova 3 övlad sahibdir./publika.az

Xəbər lenti