Xəzər Xəbər

“Neftçi” turnir cədvəlində liderliyini qoruyub saxlayıb

İdman | 16:57 • 10 Fevral 2019
“Neftçi” turnir cədvəlində liderliyini qoruyub saxlayıb

Fevralın 10-da Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, turnir cədvəlinin lideri "Neftçi” doğma azarkeşlər önündə autsayder "Keşlə”ni qəbul edib. İlk dəqiqələrdən irəli atılan "Neftçi” rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyətlər yaradıb. Birinci hissənin əsas vaxtına 10 dəqiqə qalmış "Neftçi” hesabı açmağa nail olub. Komandanın kapitanı Emin Mahmudov cinah ötürməsindən sonra dəqiq baş zərbəsi ilə adını tabloya yazdırıb – 1:0. Birinci hissə paytaxt təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb.


Qarşılaşmanın ikinci hissəsində "Neftçi” hesabda öndə olsa da, rəqibin qapısı önündə kəskin hücumlar qurub. Əks hücumlara bel bağlayan keşləlilər matçın 68-ci dəqiqəsində yenidən qapısında top görüb. Belə ki, cərimə meydançasında Baqali Daboya qarşı qayda pozuntusu oyunun baş hakimi İnqilab Məmmədovun gözündən qaçmayıb. Topa yaxınlaşan E.Mahmudov fürsəti əldən verməyib – 2:0. Bu yarımmüdafiəçinin cari mövsümdə vurduğu beşinci qolu olub. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, Emin Mahmudovun dublu sayəsində "Neftçi” cari mövsümdə 11-ci qələbəsini qazanıb. Bu qələbədən sonra "Neftçi” xalların sayını 37-ə çatdıraraq turnir cədvəlində əsas izləyicisi "Qarabağ”dan 3 xallıq fərqi qoruyub saxlayıb. "Keşlə” isə 12 xalla 7-ci yerdə qərarlaşıb.


T.Əhmədov üçün bu qarşılaşma prinsipial xarakter daşıyıb. O, ötən mövsümün böyük bölümü ərzində rəhbərlik etdiyi və bürünc medal qazandırdığı "Neftçi”dən istefaya göndərilib.


Ümumiyyətlə, iki komanda indiyədək 57 dəfə üz-üzə gəlib. Bunların 29-da "Neftçi”, 14-də isə "Keşlə" qalib gəlib. Daha 14 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində flaqman öndədir - 87:58. Turnir cədvəlinin lider son 13 görüşün hamısında qol vurub və axırıncı 12 qarşılaşmada heç-heçə qeydə alınmayıb. Digər tərəfdən, "ağ-qaralar” ardıcıl 6 ev oyununda qələbə qazanıb.


Qeyd edək ki, tura "Dalğa Arena”da "Səbail” – "Zirə” matçı ilə yekun vurulacaq. Hazırda 24 xalla 3-cü pillədə olan meydan sahibləri qələbə qazanacaqları təqdirdə mövqelərini daha da yaxşılaşdıracaqlar.


Xatırladaq ki, turun ilk oyun günündə səfərdə "Qəbələ” "Sabah”a 1:0, "Qarabağ” "Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti