Xəzər Xəbər

Qurban Qurbanov: Rəqib uduzsa da, ciddi müqavimət göstərdi

İdman | 09:22 • 12 Oktyabr 2018
Qurban Qurbanov: Rəqib uduzsa da, ciddi müqavimət göstərdi

Komandamızı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Oyundan əvvəl mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Buna baxmayaraq, lazımi xarakter göstərdik.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov səfərdə Farer Adalarına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.


"Oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar və ilk dəqiqələrdən qol vurmağa çalışdılar. Biz isə texniki səhvlərə yol versək də, tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi. Standart vəziyyətlərdə və uzun toplarda rəqib həddindən artıq təhlükəli idi. Farer Adaları meydanda nə etdiyini yaxşı bilir. Malta Kosovo ilə oyunda 1:1 hesablı heç-heçə etdiyi vaxt qırmızı vərəqə alıb və bundan sonra uduzub. Qrupdakı istənilən komanda qələbəyə qadirdir.


Üç gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq. Qrupumuzda istənilən komanda qələbə qazanmağa qadirdir”, – deyə təcrübəli mütəxəssis bildirib.

Xəbər lenti