Xəzər Xəbər

Maqnus Karlsen futbolçu ilə şahmat oynadı

İdman | 22:33 • 10 Oktyabr 2018
Maqnus Karlsen futbolçu ilə şahmat oynadı
Maqnus Karlsen "Liverpul” futbol klubunun müdafiəçisi ilə şahmat oynayıb.

Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen şahmat tacı uğrunda matçın astanasında İngiltərənin "Liverpul” futbol klubunun müdafiəçisi Trent Aleksandr-Arnoldla dostluq oyunu nümayiş etdirib.

Mançesterdə keçirilən qarşılaşma "World Chess” və FIDE-nin kibertəhlükəsizlik üzrə rəsmi tərəfdaşı olan "Kasperski laboratoriyası” tərəfindən təşkil edilib.

Trent şahmat taxtası üzərində baxışların izlənilməsinin yeni texnologiyası sayəsində Karlsenin gözlərinin hərəkətini müşahidə edə bilib. Beləliklə, futbolçu rəqibin gözlərinin hərəkətini izləyib növbəti gedişini fikirləşə bilərdi.

Buna baxmayaraq, Trenti məğlub etmək üçün hazırkı çempiona cəmi 17 gediş və 5 dəqiqə kifayət edib.

Aleksandr-Arnold oyunu belə şərh edib: "Şahmat da futbol kimi strategiya və vərdişlər üzərində qurulub və bu cəhətdən çox oxşardırlar. Öz mövqeyini dəyərləndirmək, nə vaxt hücuma keçmək, eyni zamanda, öz müdafiəni yaddan çıxarmamaq vacibdir. Şahmat fiqurları da oyunçular kimi müxtəlif mövqeyə, xarakter və keyfiyyətə malikdirlər. Əgər onları oyunda nəzərə alsaq, yaxşı nəticə əldə etmək mümkündür. Əlbəttə ki, mən artıq 8 il ərzində çempion titulunu qoruyub saxlayan Maqnusun səviyyəsində oynaya bilmirəm. Lakin bu, maraqlı oyun və unudulmaz təcrübə idi”.

Maqnus Karlsen deyib: "Bu, əla partiya idi, Trent yaxşı oynayır. O, hələ nələrisə öyrənməlidir. Lakin qəti deyə bilərəm ki, Trent istedadlıdır”.

Çempion titulu uğrunda matçda Karlsenin rəqibi amerikalı qrossmeyster Fabiano Karuana olacaq. Noyabrın 9-da başlayacaq oyun vaxta klassik nəzarətlə 12 partiyadan ibarət olacaq. Zərurət yaranarsa tay-breyk keçiriləcək.(AZƏRTAC)

image description

Xəbər lenti