"Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik" XəzərXəbər xəbər verir ki, bunu futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi
Qurban Qurbanov Farer adaları ilə səfərdə keçiriləcək oyundan əvvəl
mətbuat konfransında deyib.
Baş məşqçi rəqibi tanıdıqlarını
bildirib: "Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı
hazırlaşmışıq. Hava şəraitinin bizə problem yaradacağını düşünmürəm.
Çünki vəziyyət hər iki komanda üçün eynidir. Meydanla tanış oldum, hiss
olunur ki, standartlardan bir qədər fərqlənir. Hərçənd, meydannın ölçüsü
və süni örtüklü olması bizə bir qədər problem yaradacaq. Ancaq biz
diqqətimizi rəqibə yönəltməliyik. İnanıram ki, uşaqlar sabah
bacardıqlarını ortaya qoyacaqlar. Bu toplanışda az məşq etmişik.
Hal-hazırda heç bir problem və futbolçu çatışmazlığı haqda düşünmürəm.
Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana
çıxacağına inanıram. Ən yaxşı futbolumuzu oynamalıyıq”.
Qeyd
edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqası turniri çərçivəsində
oktyabrın 11-də səfərdə Farer adaları ilə qarşılaşacaq.